OPTİMA ŞİRKƏTLƏR QRUPU - 1C AZƏRBAYCAN

Bakı və Abşeron üzrə su təchizatı sistemlərinin təkmilləşdirilməsi ilə bağlı müşavirə keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib.


Azərbaycanda su təchizatı və su təsərrüfatı infrastrukturunun modernləşdirilməsi istiqamətində genişmiqyaslı layihələrin icrası planlaşdırılır.Ölkə üzrə 28 yeni su anbarının tikintisi Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənmiş “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Dövlət Proqramı Bakı şəhəri və Abşeron yarımadasında sürətlə artan əhali sayı, urbanizasiya və iqlim dəyişiklikləri fonunda su ehtiyatlarının daha səmərəli idarə olunmasını hədəfləyir. Yeni su anbarlarının inşası mövcud su ehtiyatlarının qorunmasına, ehtiyatların balanslı bölüşdürülməsinə və su təchizatının fasiləsizliyinin təmin edilməsinə xidmət edəcək.

Sənədə əsasən, layihə çərçivəsində yalnız su anbarlarının tikintisi ilə kifayətlənilməyəcək. Eyni zamanda, içməli suyun zərərsizləşdirilməsi və təmizlənməsi sistemlərinin tam müasirləşdirilməsi nəzərdə tutulur. Bu istiqamətdə qabaqcıl texnologiyaların tətbiqi, suyun keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması və əhalinin sağlam içməli su ilə təminatının yaxşılaşdırılması əsas prioritetlərdən biridir.

Bundan əlavə, Dövlət Proqramı çərçivəsində yağış və tullantı suları sistemlərinin yenilənməsi, daşqın və subasma risklərinin azaldılması, şəhər infrastrukturunun davamlılığının artırılması məqsədi ilə kompleks tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu tədbirlər həm ekoloji tarazlığın qorunmasına, həm də şəhər mühitində yaşam keyfiyyətinin yüksəldilməsinə yönəlib.

Qeyd edək ki, 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı ölkənin su təsərrüfatı sahəsində uzunmüddətli strateji inkişafını təmin etməyi, mövcud problemlərin mərhələli şəkildə həllini və gələcək nəsillər üçün su təhlükəsizliyinin möhkəmləndirilməsini nəzərdə tutur.


12-Yan-2026 23

1C haqqında suallarınız var? Gəlin müzakirə edək!

1C OPTİMA AZƏRBAYCAN mütəxəssislərindən məsləhət ala, qiymətləri dəqiqləşdirə və həll sifariş edə bilərsiniz. Telefon, e-poçt və ya geri zəng tələb etməklə bizimlə əlaqə saxlayın.

+994 12 310 26 27